News Image 1

Cənubi Koreyada “dünyada ilk təhlükəsiz süni intellekt haqqında qanun” qüvvəyə minib

22-01-26

Mysrever.az: Koreya Respublikası “süni intellektin (Sİ) təhlükəsiz istifadəsinin tənzimlənməsinə dair hərtərəfli qanunun qüvvəyə mindiyi dünyada ilk ölkə” olub. Bu qiymətləndirmə ilə Yonhap agentliyi çıxış edib.

Söhbət “Süni intellektin inkişafı və etimad üçün əsasların yaradılması haqqında Çərçivə Qanunu”ndan gedir. Vurğulanır ki, bu sənəd müxtəlif normativ aktlardan ibarət qaydalar toplusu deyil, dünyada ilk “hərtərəfli qanun”dur. Qanun generativ süni intellekt modelləri əsasında yaradılan məhsullar üçün hüquqi çərçivə və tələbləri, həmçinin onların pozulmasına görə cərimələri müəyyən edir.

Xüsusilə, generativ modellər tərəfindən yaradılan məzmun müvafiq “su nişanı” (watermark) ilə işarələnməlidir. Qanuna əsasən, şirkətlər potensial müştəriləri xidmətlərinin süni intellektə əsaslandığı barədə məlumatlandırmalı və onların təhlükəsizliyini təmin etməlidirlər.

Yonhap-ın qeyd etdiyi kimi, hüquqi şəxslərin və tərtibatçıların üzərinə süni intellekt vasitəsilə yaradıla bilən “dərin saxtakarlıqlar” (deepfake) və adi “feyk”lərin yayılması problemlərinin həllində daha böyük məsuliyyət qoyulur. Eyni zamanda, hakimiyyət orqanlarına bu cür hüquq pozuntuları ilə bağlı araşdırma aparmaq səlahiyyəti verilib.

Bundan əlavə, qanun texnoloji şirkətləri aşağıdakı hallarda Koreya Respublikasında filial açmağa məcbur edir: xidmətlərindən gündə 1 milyondan çox ölkə sakini istifadə edirsə və ya gəliri 10 milyard vondan (6,8 milyon dollar) çoxdursa. Digər meyar isə budur ki, şirkət Cənubi Koreyada xidmət göstərir və onun dünya üzrə illik gəliri 1 trilyon vondan (681 milyon dollar) artıqdır. Bu şərtlərə OpenAI və Google də uyğun gəlir.

Hakimiyyət orqanları qanunun tətbiqi üçün bir illik keçid dövrü nəzərdə tutur; bu müddət ərzində qanun pozuntularına görə cərimələr tətbiq olunmayacaq.